









MAHMUDƏLİ ÇÖHRƏQANLI FORUMUN SUALLARINI CAVABLARNDIRIR (Birinci və ikinci hissə

İndiqator ləqəbli oxucu :
Salamlar. Çox gözəl addımdır... Doktoru çoxdandır axtarırdıq... Çox sağ olun ki, Doktoru Forumunuza qonaq etdiniz. Təbriklər.
Sualımsa belədir : Doktor, Güney Azərbaycanda son durum necədir? Sizcə Güney hərəkatçıları istədiklərinə nail olacaq ?...
Cavab: Bütün sual verən əzizlərə salamlar ve sayqılarımla. Güney Azərbaycanda durum çox sevindirici ve rizayətvericidir. Çünki biz bölgədə və qlobalda hakim olan şərait və durumdan faydalanaraq, ehtiyacımız olan fürsəti əldə edərək,millətimizi oyatmağa,onun milli və siyasi şüurunu yüksəltməyə və oyananları təşkilatlandırmağa nail olduq. İndi isə təşkilat Güney Azərbaycanın hər bir nöqtəsini qapsamış vəziyyətindədir və təşkilat üzvlərinə davamlı olaraq gərəkən təlim ve eyitimlər verilməkdədir,bu durum bizi razı edərək sevindirir. Çünki İran adlanan ölkədə hər-hansı bir hadisə üz verirsə hərəkat gərəkəni yapacaq şərtləri əldə etmiş durumdadır.
Təbii ki, bu durumda qardaşlarımızın nankorluğuna rəğmən hərəkat yaxın gələcəkdə öz hədəflərinə yetişəcəkdir və biz hamımız bu qurtuluşun və Güney Azərbaycan Türk Cümhuriyyəti quruluşunun şahidləri olacağıq.
Mürsəl adlı oxucunun sualları :
Mən də öz növbəmdə doktoru salamlayıram və ona belə bir sualım var :
Sizcə hazirki vəziyyətdə cənubda baş verən proseslərin nəticəsi olaraq nə zamansa iki Azərbaycan birləşə bilərmi, bunun üçün nə lazımdır?
Cavab: İlk olaraq Güneyin qurtuluşu və mustəqil olması gərəklidir. Ondan sonra, təbii ki, iki dövlət və iki parlament arası müzakirələrdən sonra ikiyə bölünmüş millətin istədiyi təqdirdə çox rahat birləşmə sağlana bilər. Amma məncə indilikdə bu istək və hədəfi ortaya atsaq, çox güclü və bizlərə heç rəhm etməyən düşmənlərimizi quşqurdaraq öz əlimizlə Güneyin istiqlalını və birləşmə sürəcini uzatmış olariq.
Bu sürəci qısaltmaq üçün Qüzey Azərbaycanda antimilli yox, bəlkə bir ulusal və millətçi hakimiyyət iş üstündə olmalıdır, təbii ki, indiki vəziyyət kimi Güneyli və Qüzeyli olaraq, Güney hərəkatını hər acıdan boykot yox, bəlkə əlimizdən gələn siyasi və maddi yardımlarımızdan məhrum qoymamalıyıq.
İkinci sual: Sizcə əgər İranda Azərbaycan dilli təhsil olarsa, orada da ana dilində televiziya, mətbuat yaranarsa, bu siyasi əhval-ruhiyyəni dəyişə bilərmi?
Cavab: Güneyin çarəsi tam qurtuluş və istiqlaliyyətdir. Əgər biz bəzən bundan başqa, fikirlər demişiksə, bunlar ürək sözümüz yox, bəlkə siyasi və polotikal davranışlardan irəli gəlib. Dünyanın mövcud siyasi şərtlərini nəzərə alaraq, belə davranmaq zorundaydıq və yenə də həmin durumda ola bilərik.
@Gucci@ ləqəbli oxucunun sualı :
Məndə qonağı salamlayıram. Sualım belədir:
Bir siyasətçi kimi Azərbaycanin bugünki vəziyyətini necə qiymətləndirirsiniz?
Cavab: Əgər Azərbaycan dedikdə QüzeyAzərbaycanı nəzərdə tutursunuzsa, fikrim belədir:
İndiki hakimiyyət müstəqil və milli bir hakimiyyət deyildir. Onun özünü zahirən milli göstərməsinə baxmayaraq, milli ruh və heysiyyatı yoxdur. İndiyədək Qarabağla bağlı heç bir addım atmayıb və sizə söz verirəm ki, nə qədər ki, hakimiyyətdədirlər, heç bir dərdə çarə olan addım atmayacaqlar. Bir halda ki, Qarabağı bir milli yürüyüşlə iki gündə azad etmək mümkündür.
Bu hakimiyyətin Güney hərəkatına indiyədək heç bir yardımı olmayıb, əksinə, əlindən gələn zərbəni vurmağa çalışmış və yenə də çalışmaqdadır.
Bu kifayətdir ki, siz zahirən müstəqil olan bu hakimiyyəti İraqın qüzeyində olan hələ müstəqil olmayan Kürd hakimiyyətilə müqayisə edəsiniz. Bərzani hökumətinin İran, Suriya və Türkiyədəki kürd təşkilatlarına davranışı ilə Qüzey Azərbaycanda hakim olan rejimin bizimlə bağlı davranışlarını müqayisə etsəniz, o zaman görərsiniz ki, bu hakimiyyətin qəlbində Azərbaycan - Türk milləti sevgisi yox, bəlkə rus və fars məhəbbəti və ailə hakimiyyəti arzuları və sevdaları yerləşmişdir.
Dismiss adlı oxucunun sualları :
1 – Siz İranla Azərbaycan və İranla Emənistan əlaqələrini necə qiymətləndirirsiniz?
Cavab: Həm İran, həm də Qüzey Azərbaycan hakimiyyəti Güney Azərbaycanın qurtuluşunu istəmir və hər ikisi əməldə bu hərəkatı yox etmək üçün əllərindən gələni əsirgəmiyiblər. Çünki onların fikrincə, Güneyin qurtularaq mustəqil olması hər iki antimilli hakimiyyətin yox olması deməkdir. Ona görə rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra İranla bütün ixtilaf nöqtələrini öz aralarında həll edərək aradan qaldırmağa çalışıb. İndi isə xeyli sayda təhlükəsizlik və siyasi anlaşmalar imzalayaraq, bir çox sahələrdə bərabər addım atmaqdadırlar. Sanki milli maraqları İranla eynilik təşkil edir.
Keçən iki ildə Qüzey Azərbaycan hakimiyyəti duyanin gözü önündə Azərbaycan türk millətinə tarixi xəyanət edərək BMT-də İran rejiminin arxasında duraraq bu rejimin insan haqlarını tapdadığı üçün ittiham edilməməsinə çalışıb.
Təəssüflə qeyd edək ki, bu fəaliyyət nəticəsində İran rejiminin BMT insan haqları komissiyası tərəfindən ittiham olunmasının qarşısını almışlar.
İran və Ermənistan dövlətlərinin əlaqələrinə gəlincə, o da çox sadə və aydındır ki, hər iki rejimin həyatda qalmasının bircə əsası var və həmin əsas da Güney Azərbaycanın faşist fars rejiminin əsarətindən qurtulmamasıdır. Çünkü bu baş verərsə, yuxarıda dediyim kimi, hər iki rejim yox olmağa məhkumdur. Ona görə hər acıdan çox yaxın, səmimi və sıx əlaqələri vardır.
2 – Müasir İranda azərbaycanlıların mövqeyi necədir?
Cavab: Hər acıdan əsir düşmüş və istismara məruz qalmiş bir toplum kimi.
3 – Bütöv Azərbaycanın dövlət quruluşu sizə necə görünür?
Cavab: Yuxarıda cavab vermişəm.
4 - Sizcə Şimali və Cənubi Azərbaycanın birlşəməsi Qarabağ münaqişəsinin həll olunmasına mənfi təsir edə bilərmi?
Cavab: Yuxarıda yazdığım kimi, Qarabağın qurtuluşuna yalnız milli qeyrət və iradə lazımdır. Bu da tarixi sənədlərə arxalanaraq, Azərbaycanın həm Qüzeyində həm də Güneyində mövcuddur, amma nöqsan haradadır? Güneyin əsarətdə olması və Qüzeydə isə milli hakimiyyət olmamasında.
Məncə Qarabağın qurtulması üşün bütövləşmə gərəkmir. Hakimiyyətin öncülüyülə Qarabağa bir milli yürüş edilərsə, oradan erməni oğruları qaçaraq iki gündə azad ola bilər.
Jemin adlı oxucu :
1) Necə bilirsiz, Cənub Azərbaycan məsələsində Amerikaya bel bağlamaq olar, ya yox?
Cavab: Özgürlük və istiqlalı öz qanı ilə əldə etmək mümkündür. Yabanılar gəlib heç bir millətin azadlığı üçün qan verməzlər və odur ki, biz yalnız öz türk millətimizə bel bağlamışıq. Amerikadan da bu hədəfə çatmaq üçün faydalana bilsək, bu bir siyasi uğurdur, amma zənn etmirəm.
2) İranda yaşayan azərilərin neçə faizi müstəqillik arzusundadır?
Cavab: İranda azəri yaşamır. 'Azəri saqqızını' rus və fars sömürgəçiləri (1938 illərdə Stalin və Rza xan) babalarımızın ağzına qoyub, bunda məqsəd türkləri yox etmək niyyəti olub.
Amma məqsədiniz İran adlanan ölkədə yaşayan Azərbaycan türkləridirsə, indi ən azı üçdə biri milli kimiliyi dərk edir və əlbəttə, millətimiz oyandıqca, bu faiz artacaq.
3) Hal-hazırda azərilər təşkilati cəhətdən ciddi hərəkat kimi formalaşıbmı?
Cavab: Ümid vericidir.
BARON adlı iştirakçı :
Salam, cənab doktor. Siz Azərbaycana təxminən 5 il bundan qabaq gəldiniz, ondan sonra nə üzünüzü görə bildik, nə də səsinizi eşidə bildik. Nə baş verib?!
Cavab: Antimilli və İranda hakim olan faşist fars rejiminin dostu, hakimiyyətdə olan rejiminizin əlilə yaxalanaraq, deportasiya edildik. İndi də çox uzaq qürbətlərdə öz millətimiz tərəfindən belə (məzlum, xalis və şərəfli hərəkatçılar istisna olmaqla) boykot edilərək, əlimizdən gəldiyi qədər fəaliyyət etməkdəyik.
Digər sualımsa belədir, siz Azərbaycan prezidenti olsaydınız, birinci hansı tədbirləri görərdiniz?
Cavab: Azərbaycan prezidenti olmağa məndən çox ləyaqətli oğullar və qızlar var. Amma əgər har-halda növbə mənə yetişərsə, bəzi aşağıda gələn önəmli addımları atmağa cəhd göstərərdim:
- Millətimin ulusal və siyasi şüurunun yüksəlməsilə bağlı bütün imkanlarımızı səfərbər edərdim. İlk öncə hər kəsin özünü, tarixini, keçmişini, başına gələnləri, dost və düşmənlərini, millət və vətən sevgisini, milli varlıq konsepsiyasını və onun şəxsi mənfəətlərdən çox üstün olmasını dərindən anlayacağı qədər;
- bölgəmizin şəraitinə baxaraq, çox güclü və yenilməz bir milli ordu təşkil edərdim;
- Ekonomini hər acıdan gəlişdirib və gücləndirərdim, ona görə ki, güclü və sarsılmaz vətən, millət və dövlət qurmaq üçün güclü bir ekonomi gərəklidir;
- Vətən və millətin birləşmə və bütövləşməsi uğrunda ölüm-qalım savaşı aparardım və kəsin olaraq da, bu niyyətə çatmaq mümkün olardı.
- Eyitim və təhsil sahəsində çağdaş səviyyələrə çatmaq üçün bütün imkanları səfərbər edərdim;
- Millətimizin müstəmləkə olduğu zaman aldığı bütün xəsarətlər və yaraları sarmağa və sağaltmağa çalışardım, məsələn, türk dilimizin paklanaraq standardlaşması və ov, yev kimi məğlubiyyət və alçaqlıq izlərinin dərhal silinməsinə cəhd göstərərdim.
Və... bunlara bənzər çoxlu görüləcək işlər.
İkinci hissə
TUNCAY adlı istifadəçi
Salamlar. Doktor, sizin son olaraq Azərbaycandan deportasiya olunmanıza kim rəhbərlik edib? Burada kimlərin maraqları var ?
Cavab: Aldığımız etibarlı xəbərlər və əldə etdiyimiz sənədlərə əsasən, Əhmədinejad mərhum Heydər oğlu İlham Əliyevi arayaraq, mənim Qüzey Azərbaycandan deportasiyamı istəmiş və o da əməl etmişdir. Pərvanə adlı istifadəçi
Sizcə Qüzey Azərbaycan Güney Azərbaycan hərəkatçılarına yetərincə informasiya dəstəyi göstərir ?
Cavab: Biz həmişə Qüzeyi Guney Hərəkatının arxa cəbhəsi bilmişik və yenə də arzu edirik ki, elə olsun. Çünki bu Qüzeyin Güneyə qardaşlıq borcudur, amma maləsəf, yeni prezidentiniz iş üstünə gələndən bəri yolu çaşaraq, işğal altında olan Qarabağımızı qurtarmaq üçün ermənilərlə mübarizənin yerinə Güney hərəkatilə savaşa başlamışdır və iş belə olduqda nəticə də bəllildir. gtapdig (Tadıq Quliyev Fərhadoğlu)
Salam doktor.
Türk xalqlarının 11-ci qurultayında Cənubi Azərbaycan məsələsi nədənsə yekun sənədlərdə əksini tapmadı. Türk dövlətləri nədən çəkinir ?
Cavab: Bildiyiniz kimi, Qüzey Azərbaycanın və bəzi başqa Türk adlanan dövlətlərin İran faşist Fars rejimi ilə təhlükəsizlik sahəsində anlaşmaları vardır, bu anlaşmalara əsasən, bir-birlərinin müxaliflərini sıxışdırıb əzməyə qol çəkmişlər, Əliyev hökumətinin keçən iki ildə BMT-də dünyanın gözü önündə İran rejimini müdafiə etməsi buna bir örnəkdir. İkinci örnək mən Bakıda yemək yeməyə oturarkən yaxalayıb ac və susuz 14 saat həbs edəndən sonra bir əsir kimi deportasiya etməsidir.
Nailya adlı oxucu
Hörmətli Çöhrəqanlı. İrandan kənarda Cənubi Azərbaycan muxtariyyəti uğrunda mübarizə aparmaq nə dərəcədə sizə real görünür ?
Cavab: Əziz soydaş, biz muxtariyyət uğrunda yox, bəlkə öz müqqəddəratımızı əldə etmək uğrunda mübarizə edirik, mübarizə edən yalnız mən deyiləm, bu gün yüz minlərlə insan Təbrizin və Güney Azərbaycanın başqa şəhər və qəsəbələrində mübarizə halındadırlar, müqəddəratı əldə etmək də yalnız muxtariyyət anlamında deyildir, bəlkə istiqlal və hətta bütövləşmə anlamını daşımaqdadır. Siyasət belədir ki, bizlərin ürəyində bir və bütöv millət və vətən eşqi alovlanır, amma təkcə eşq və bizim istəyimizlə hər şey əldə olunmur, region və qlobalda cərəyan edən şərtlər də çox önəm daşıyırlar, bir siyasətçi nənəm mənə kor deyib hər gələni vur deməklə hədəflərinə çata bilməz, ona görə şərtlərə də uymalıdır.
Qaldı mənim qürbətlərdə mübarizəmə, deməliyəm ki, hər bir salim ağla malik olan kimsə bilir ki, mənim qayıtmağımla ömür boyu həbs edilməm ayrıdır, məncə və təşkilatımızın mərkəzi komitəsincə, hələlik dışarıda qalaraq təşkilatımızın təmsilçisi kimi onların səslərinə səs verməm daha uyğun görünməkdədir, çünki həbs edilmə ilə yüzdə yüz irtibat və əlaqələrimin zindandan eşiklə kəsilməsi kəsindir.
Sizin İranda nə qədər tərəfdarınız var ?
Cavab: Doğrusu bilmirəm, amma sizin yüzlərlə jurnalistiniz Güneyə gedib dönmüş onlar daha düz cavab verə bilərlər.
Muxtariyyət ideyasını dəstəkləyənlər çoxdurmu ?
Cavab: Məncə çoxları elə yazdığım kimi, öz müqəddəratlarını əldə etmək haqqını əldə etmək uğrunda mübarizə aparırlar.
Tofiq Türkelin sualı :
1.GAMOH- un strukturlaşması hansı vəziyytədədir?
Cavab: Təşkilatımız 12 il mübarizə və təşkilatlanmadan sonra, şükülər olsun ki, bütün sahələrdə rizayətverici durumdadır.
2.Yaxın 6 ay ərzində ABŞ-İran münasibətlərində hansı ciddi dəyişikliklər ola bilər?
Cavab: Gərginləşmə davam edə bilər və bu proses belə davam edirsə, məhdud və hətta geniş savaşa da yol aça bilər və nəticə olaraq məncə gələn bir il içində yəni 2008-ci ildə bölgəmizdə çoxlu dəyişikliklər üz verə bilər, o cümlədən, İranda rejim dəyişikliyi və hətta o ölkənin parçalanması.
3. ABŞ-İran siyasətində, İran daxilindəki hansı qüvvələrə istinad edir?
Cavab: -Ümumiyyətlə İranda yaşayan insanların yuxarı faizinin o rejimdən razı olmamasına
-Milli və etnik azlıqlara
4. Yaxın 6 ay ərzində GAMOH- un rəsmi Tehranla bağlı hansı siyasi addımları ola bilər?
Cavab: Bəzi önəmli addımlar atılmaq üzrədir, izin versəniz, bu addımlar praktik olaraq atılsın, görək, nələr edə biləcəyik.
Və sonuncu sual, doktor səhətiniz necədir? Cavab: Şükürlər olsun, normal vəziyyətdəyəm.
SUALI "Isa Huseynov" adlı forum ishtirakchisi verir:
Salam, Azəri xalqının mərd oğlu!
Təəsüflər olsun ki, Ş.Azərbaycandan sizə kömək yoxdur, çox təəsüf edirəm. Amma çox sevindim ki, yaxınlarda Cənubi Azərbaycanlı qardaşlarımız öz milli bayraqlarını dünyaya tanıdıblar, nəhayət ki, oxşar eyni üçrəngli bayrağımız Cənubda dalğalandı, həqiqətən, çox sevindim. Amma mən qəlbimdə inanıram ki, Şimali və Cənubi Azərbaycan birləşəcək, tarix təmişə təkrarlanır, əgər cənubda bayraq tanınıbsa, demək bu azadlığa qovuşmağın başlanğıcıdır, davamı da olacaq inşallah. Çünki Almaniya da iki hissəyə parçalanmışdı. Sonucda Almaniya birləşdi. Mənə elə gəlir ki, Cənubdakı azərilər sayca farslardan daha çoxdur və onlar ayağa qalxsalar, İranı əzə bilərlər, hal- hazırda İran bizimlə düşmənçilik siyasəti yeridir, ermənilərə yardım edir, hərbi sahədə onlara köməklik edir, strateji əməkdaşlıq yaradır.
Cavab: Elədir, mən də umuram siz deyən kimi olacaq